Together - film üzərinə
Bir-iki cümlə ilə ümumiləşdirsək: Münasibətdə yox olmanın, özünü itirib (və ya həll olub) hibrid bir varlığa çevrilmənin metaforik, gülməli və qorxulu hekayəsi. Bir mağaradır sevgimiz. Birləşərək əcaib bir varlığa çevrildiyimiz bir mağara. Susuzluqdan içdiyimiz çeşmə başqa sevənlərin qanı ilə dolub daşır.
Filmin əvvəlindəki Timin gördüyü qısa, qorxulu ayna görüntüsü adamda elə bir hiss yaradır ki, bu şablon bir qorxu filmi olacaq. Mən bunu rejissorun bizə "istəsəm bunu da çəkərdim" mesajı kimi başa düşdüm. Əsl qorxu fantaziyalarda yox, real həyatın özündə gizlənir. Ətrafımızda o qədər əcaib varlıq gəzir ki, xəbərimiz yoxdur. Onların əsl üzünü ancaq onlara bir sillə vuranda görürük (qızın qonşunu vurduğu səhnədə qaranlıqda gördüyümüz üz kimi).
Tim və Millie o qədər uzun müddətdir birlikdədilər ki, tək olduqları bir həyatı xatırlaya bilmirlər. Uzun müddət birlikdə olmanın gətirdiyi yorğunluq, zaman keçdikcə çata bilməyəcəyin xəyalların itməsi, yaşaya biləcəyin həyatların, seçimlərin getdikcə azalmasının gətirdiyi bir məyusluq hiss olunur. İkisi də bu münasibətdən məmnun deyillər. Tim yaşaya bilmədiyi xəyallarına görə narahatdır, Millie isə cinsi həyatının pis keçməsinə görə narazıdır. Tim özünü bu münasibətdə tələyə düşmüş (trapped) kimi hiss edir. Bir-birlərini sevirlər, amma nəsə çatmır. Maraqlısı odur ki, filmin sonuna yaxın qız həqiqətən də oğlanı stola bağlayır (trapped). Millie bir qadın olaraq xəyali, gözə görünməz bir üzüklə Timə evlənmə təklifi edir və Timin verdiyi reaksiya işləri daha da qəlizləşdirir.
Cinsi yolla birləşməyə ingilis dilində "making love" deyirlər, yəni eşq yaratmaq. Bu, qərb dünyasında sevgidə bədəni birləşmənin əhəmiyyətini vurğulayır. Məhz bizim cütlük arasındakı sevgisizlik də sözlərdə yox, cinsi həyatda özünü büruzə verir. Bütün uğursuzluqların səbəbi olaraq hər ikisi qarşı tərəfi günahlandırır, amma bunun səbəbi onların bilərək nəsə etməsi yox, birbaşa onların həyatında mövcudluğudur. Hardasa oxumuşdum ki, sevgi fədakarlıqdır. Edə biləcəyin seçimləri, yaşaya biləcəyin digər həyatları biri üçün fəda edirsən. Və bu sadəcə başlanğıcda baş vermir. Fədakarlıq davamlı bir prosesdir. Bu isə yorucu ola bilər (sevgisizlik varsa).
Bizim cütlükdən əvvəl iki birləşməni izləyici olaraq görürük. Birinci cütlük rəsmi bir ayinlə evlənərək mağarada könüllü olaraq birləşir və yeni, gözəl bir insan ortaya çıxır (saf sevgi). İkinci cütlük isə təsadüfən, istəmədən mağaraya düşüb məcburi birləşmə yaşayır. Hətta tərəflərdən biri özünü öldürərək bunun qarşısını almağa çalışır, amma nəticədə digər tərəf ölü bədənlə birləşir. Birləşmə natamam, könülsüz baş verdiyi üçün ortaya çıxan şey eybəcər bir varlıq olur. Üstəlik bu varlıq daşıdığı digər ölü bədənə görə mağaradan çıxa bilmir, orada qaranlığa məhkum olur. Bizim cütlüyümüz də seçim qarşısındadır. Əvvəlcə bir-birindən qaçmağa, uzaqlaşmağa çalışsalar da, bədənlərin bir-birini cəzb etməsi nəticəsində başqa yol qalmır. Bədənlərin bir-birinə iradəsiz formada çəkilməsi həm də sevginin bədəni (cinsi, hormonal) tərəfinin nə qədər güclü olduğunu göstərir. Sonda oğlan qıza öz içini açır, yaşadığı peşimanlığı, arzularını etiraf edir. Artıq bütün açıqlığı ilə qarşı tərəfə açıldıqdan sonra ikisi könüllü olaraq birləşməni seçir. Sonda gördüyümüz, yeni, eybəcər olmayan insan bu ikisinin hibrid formasıdır. Artıq ayrı-ayrılıqda fərd yoxdur. Münasibətdə həll olan, birləşən fərdlərin nəticəsi olan bir varlıq var. Türklərin "aşk yox olmaqdır" sözünün filmə çevrilmiş halı da deyə bilərik.
Filmdəki hər səhnənin bir metaforası, izaha ehtiyacı olan bir mənası olduğunu düşünürəm, amma bir qədər də qorxu filmi olduğu üçün əyləncəyə fokuslanmaq lazımdır. Ümumilikdə yaxşı filmdir. İzləyicini yormadan ona istədiyini verir. Qorxu filmi sevənlər qorxunu, romantika axtaranlar romantikanı, mənim kimi mesajçılar isə arxada gizlənən mesajlardan zövq ala bilir. Film qəribə formada həm fantaziyadır, həm də çox realistdir. Bu iki əks məfhumu özündə birləşdirməsi çox xoşuma gəldi. 10 xal üzərindən 8 xal vermək olar (əlbəttə hər kəsin zövqünə görə dəyişəcək).
#film